Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də  5300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.


Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar.

Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin  aşkarlanıb.
Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.