2023-cü ilin yanvar ayı ərzində ümumilikdə vergi orqanlarına 26 672 müraciət daxil olub ki, bunun da 94,1 %-i ərizə, 5,8 %-i şikayət, qalanı isə təklif olub.

İqtisadiyyat.az-ın Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 % azalıb.

Məlumatda deyilir ki, müraciətlərin 74,9 %-nin baxılması həmin dövrdə başa çatdırılıb, 25,1 %-i hazırda icradadır. Baxılmış müraciətlərdən 73,1 %-i həll olunub, qalanları barədə qanunvericiliyə müvafiq qaydada qərarlar qəbul edilib.

Həll olunmuş faktiki şikayətlərin böyük əksəriyyəti kameral vergi yoxlamaları, maliyyə sanksiyasının silinməsi, vergi mükəlləfiyyətləri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları və digər məsələlərlə bağlı olub.

Yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 34 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı müvafiq izahatlar verilib.