"Ozon" onlayn pərakəndə satış şirkəti Azərbaycan sakinləri üçün satışa başlayıb. Bu, şirkətin öz biznesini inkişaf etdirdiyi altıncı MDB ölkəsidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bazarın mətbuat xidmətindən TASS-a bildirilib.

“Ozon Azərbaycanda satışlara başlayıb. Respublika sakinləri artıq bazarda elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər 30 milyondan çox məhsul ala bilərlər. Yaxın gələcəkdə Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox genişləndiriləcək.

Bundan əlavə, Ozon ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.

Gələcəkdə şirkət, həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır” , - məlumatda deyilir.

Ozon şirkətinin MDB-də Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım templərinə görə ən dinamik inkişaf edən ölkələr sırasındadır:

"Biz əminik ki, bazarımız gələcəkdə yerli sahibkarların inkişafı üçün platformaya çevriləcək".

Qeyd edək ki, "Ozon" 2021-ci ildən MDB məkanında biznesini inkişaf etdirir.

 

Gözəl Həşimova