Türkiyədə lirəyə təzyiqlər davam edir. Xarici valyuta  qıtlığı səbəbindən alış və satış məzənnələri arasında 10 faizdən çox fərq var. Ötən gün isə türk lirəsi dəyər itirməkdə davam edib.  Belə ki,  ABŞ dolları qarşısında türk lirəsi  son bir neçə  saat ərzində  2 faizə,  28  maydan indiyə kimi 10 faizə qədər ucuzlaşıb. 

 

 

Lirənin kəskin ucuzlaşmasının Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlığına mümkün təsirləri ilə bağlı  iqtisadçı Eyyub Kərimli İqtisadiyyat.az-a açıqlama verib.

Onun sözlərinə görə, lirənin ucuzlaşması indiki halda ciddi problem yaratmır. Lakin bu ucuzlaşma uzun müddət davam edərsə, Azərbaycan iqtisadiyyatı da zərər görə bilər:

"Lirənin ucuzlaşması indiki halda Türkiyənin idxal imkanlarına müsbət təsir göstərir. Belə ki, Türkiyədə istehsal olunan məsulların qiymətində dollara  nisbətən ucuzlaşma olacaq. Bu, Azərbaycanla iqtisadi əlaqələr baxımından da effektiv olacaq. Yəni ölkəmiz Türkiyədə istehsal olunan məhsulları daha ucuz qiymətə əldə edə biləcək. Xüsusən də tekstil və bəzi məişət məhsullarının qiyməti ucuzlaşacaq. Lakin bu proses qısa müddət davam edəcək. Müəyyən müddətdən sonra inflyasiya ilə əlaqədar olaraq xammalı xaricdən idxal olunan  türk məhsullarının qiymətində bahalaşma baş verəcək. Bu isə idxal-ixrac əməliyyatlarında qiymət artımına səbəb olacaq. 

Əgər lirənin dəyərdən düşməsi davam edərsə, Türkiyə iqtisadiyyatı zəifləyəcək. Nəzərə almaq lazımdır ki, Türkiyə ticarətdə Azərbaycanın ikinci xarici tərəfdaşıdır. Türkiyə iqtisadiyyatının zəifləməsi gələcəkdə strateji cəhətdən Azərbaycanla iqtisadi əlaqələrə də mənfi təsir edə bilər. Nəticədə ölkəmizin iqtisadiyyatı zərər görə bilər". 

Gülşən Şərif