Maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.

Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov diqqətə çatdırıb ki, hazırda Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır. Qeyd etdi ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və digər qurumların rəhbərləri çıxış edərək bildiriblər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, milli iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.