Ətraf mühitin qorunması fərdi məsuliyyət kimi hamımızın diqqət mərkəzində olan anlayışlardan biridir. Lakin ətraf mühiti qorumaq istəyiriksə bəzən sahib olduğumuz bəzi şeylərdən imtina etməliyik. Məsələn, imtina etdiyimiz ən böyük nümunələrdən biri daxili yanma mühərrikli avtomobillərdir. Lakin daxili yanma mühərrikli avtomobillər qədər böyük olmayan, avtomobillərdən isə qatbaqat çox olan başqa nümunələr də mövcuddur. Belə ki, söhbət Recepta startapının da əsas mahiyyətini formalaşdıran qəbzlərdən, yəni bildiyimiz “çeklərdən” gedir.

recepta

Böyük bir ehtimalla kağız qəbzlərin nə qədər çox olduğunu və necə böyük bir miqyasda çirklənmə yaratdığını heç kim inkar etməz. Əksər hallarda kağız qəbzlər təkrar istehsala yönləndirilmədiyi və çox vaxt da təkrar istehsala uyğun olmadığı üçün böyük bir problemə səbəb olur. Digər bir tərəfdən təkcə ABŞ-da 21 milyard qallon (1 qallon ~ 3.7 litr) su, 250 milyon qallon neft, 12 milyon ağac və ya 3 milyard dollar vəsait məhz kağız qəbzlərin istehsalına istifadə olunur. Qlobal miqyasda isə rəqəmlər olduqca böyükdür. Yerli startapımız isə belə bir böyük biznesə çevrilən kağız qəbzləri tamamilə rəqəmsallaşdıraraq bütün bu problemlərə yeni həll yolu gətirir. Recepta, hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir.

recepta

Belə ki, startapın icraçı direktoru Fuad Heydərli tərəfindən verilən məlumata görə Recepta 700 min dollar investisiya alıb. Startapın əsas məqsədi investisiya ilə müxtəlif ölkələrə genişlənmək və Azərbaycanda mobil tətbiq ilə rəqəmsal qəbzləri almağı asanlaşdırmaq olacaq. Recepta-nı işlətmək isə çox asandır. Sadəcə tətbiq üzərində hesab yaradıb kartlarınızı əlavə edirsiniz. Kartınız ilə ödəniş etdikdə isə Recepta platforması satıcıdan qəbzlərin onlayn sürətini alıb sizə göndərir.

recepta

ClimateLaunchpad, “cleantech” (təmiz texnologiyalar) sahəsində dünyanın ən böyük akselerasiya proqramı hesab edilir. Ölkəmizdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşı olduğu və Social Innovation Lab innovasiya mərkəzinin təşkilatı dəstəyi ilə keçirilən ClimateLaunchpad 2022 Azərbaycan finalının da ötən aylarda qalibi olan Recepta startapı qlobal finala birbaşa vəsiqə qazanmışdı. Startapın həmtəsisçiləri Rauf Heydərli və Riyad Həsənovdur.

recepta