Rusiyalı hərbi ekspert İqor Korotçenko Moskvadakı mağazalardan birində Azərbaycan və Ermənistan istehsalı olan şirələri eyni rəfdə yan-yana görüb. Korotçenko AzNar-ın istehsal etdiyi Grante brendinə məxsus Azərbaycan məhsulunu seçib və müvafiq statusu öz Facebook səhifəsində paylaşıb. O, seçimini onunla əsaslandırıb ki, Azərbaycanda istehsal olunan şirə daha yaxşı qablaşdırılır və keyfiyyətə ciddi nəzarətdən keçirilir, ən əsası isə, Azərbaycan “Rusiya üçün dost və düzgün ölkədir”.


Korotçenko yazır:

“Mən Azərbaycan şirəsi almışam. Niyə? Butulka, qablaşdırma, etiket daha cəlbedici və estetikdir. Ən əsası isə, Azərbaycan Rusiya ilə dost olan yaxşı ölkədir. Rusiyaya ixrac edilən Azərbaycan məhsulları ciddi keyfiyyət nəzarətindən keçir.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür, Rusiya Federasiyasına qarşı təhqiramiz bəyanatlar eşidilir, İrəvan Rusiya hərbi bazasını çıxarmaqla, KTMT-dən çıxmaqla hədələyir.

Ona görə də mən və digər ruslar erməni məhsulunu almayacağıq: nankor ölkəni, nankor cəmiyyəti niyə maliyyələşdirməliyik? Elə deyil?”

Rusiyalı ekspertin bu paylaşımı bütün dünya ermənilərini hiddətləndirib. Onlar Facebook administrasiyasına kollektiv şikayət göndərərək Korotçenkonun yazısının “faşizm xarakteri daşıdığı üçün” silinməsini tələb ediblər. Bu şikayətlərdən sonra Facebook ekspertin yazısını silib.

 

Ekspert növbəti paylaşımında bunları yazıb:

“Yaxşılıq pisliyə qalib gəlir! Aydındır!

Dünən bir mağazada alış-veriş edərkən Azərbaycanın nar şirəsinə üstünlük verərək, erməni məhsulunu almadığımla bağlı tamamilə məsum bir paylaşımımdan sonra, gözlənilmədən, qeyri-adekvat və rusofoblar nəinki Ermənistanda, hətta qlobal erməni diasporunda kütləvi şəkildə həyəcanlandılar və tərəfdaşları ilə birlikdə məni “faşizmdə” ittiham edərək, Facebook administrasiyasına yazılarımla bağlı kütləvi şəkildə şikayətlər göndərmək çağırışlarına qoşuldular.

ABŞ və Fransadakı erməni diasporlarının fəalları sayəsində hesabımla bağlı şikayətlərin sayı on mindən çox oldu, nəticədə hesabım bloklandı və qeyd olunan paylaşımım “faşizmin təbliğatına” görə silindi.

Lakin hörmətli oxucular, bununla yanaşı, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində Facebook mənim hesabımı blokdan ÇIXARMAĞA və paylaşıımı yerinə qaytarmağa məcbur oldu.

Azərbaycan nar şirəsini için!”

Ermənilərin reaksiyası Facebook administrasiyasına şikayət göndərməklə məhdudlaşmayıb. Ermənistanın siyasi dairələrində Korotçenkonun paylaşımı ətrafında qızğın müzakirələr gedir.


Korotçenko yazır ki, Ermənistanda onu “demək olar ki, artıq tənqid etmirlər. Mənim təcrübəmi öyrənməyə və Ermənistanın informasiya müharibəsi təcrübəsinə tətbiq etməyə çağırışlar edilir. Bu, möhtəşəm bəyanatdır.

Korotçenko postunu “Qarabağ Azərbaycandır!” şüarı ilə tamamlayıb.

Qeyd edək ki, Göyçayda yerləşən və Azərbaycan əsilli rusiyalı iş adamı, eks-senator, xeyriyyəçi Fərhad Əhmədova məxsus “AzNar” QSC-nin təbii nar şirələri keyfiyyəti ilə təkcə Rusiyada deyil, digər ölkələrdə də tanınır.

“Rəqiblərin hiylələrindən qorxmuruq, çünki biz təkcə öz keyfiyyətimizə və məhsullarımıza deyil, həm də bütün dünyadakı müştərilərimiz ordusuna arxayınıq. Zavodumuz bütün lazımi sertifikatları müntəzəm və uğurla keçir. Amerikanın “USDA Organic və European BIO Organic” sertifikatlarının alınması prosedurlarının mürəkkəbliyinə baxmayaraq, biz ildən-ilə keyfiyyətimizi və bu standartlara uyğunluğumuzu təsdiqləyirik”, - şirkətin saytında deyilir.