Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

İqtisadiyyat.az İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, agentliyin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 483 milyon manat, cari ilin 6 ayında isə 22 milyon manat vəsaitə qənaət ediblər.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İndiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən artıq daimi iş yeri yaradılıb.