Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır. Rəsmi dilerlər tərəfindən sıfırdan ölkəyə gətirilən avtomobillər olsa da, üstünlüyü Gürcüstandan idxal olunan ikinci əl hibrid mühərrikli avtomobillər təşkil edir. Hibrid avtomobilləri iki enerji mənbəyini – benzin mühərrikini və elektrik motorunu özündə birləşdirdiyindən "Hibrid-elektrik" avtomobilləri kimi tanınır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir.
Bəs görəsən bu avtomobilləri alan şəxslər hibridlərin Azərbaycana gətirilməsində hansı problemlə üzləşirlər? Dünya ölkələri hibrid avtomobillərin istifadəçilərinə hansı güzəştlər tətbiq edirlər? Azərbaycanda hibrid avtomobillərin istifadəçilərinə hansı güzəştlər tətbiq oluna bilər? Hibrid avtomobillərin Azərbaycanda çoxalması ölkəyə necə təsir edər?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycana hibrid avtomobillərin gətirilməsi ilə bağlı ən böyük problemin gömrük rüsumu ilə bağlı olduğunu dedi:
“Hibrid avtomobillərin bir çox ölkələrdə artmasının səbəbi həmin ölkələrdə gömrük rüsumunun ləğvi, əlavə dəyər vergisinin (ƏDV) olmaması kimi stimullaşdırıcı addımların atılmasıdır. Məsələn, elə qonşu Gürcüstanda artıq hər 10 avtomobildən 4-ü ya hibrid, ya da elektriklə işləyən avtomobildir ki, bu da son 10 ildə orada olan təşviq siyasətinin nəticəsidir. Gürcüstanda hibrid avtomobillərinə gömrük rüsumu yoxdur.
Hibrid avtomobillərin Azərbaycana gətirilməsində ən böyük maneə gömrük rüsumlarıdır. Bu barədə Gömrük Komitəsinin rəsmilərindən birinin çox qəribə açıqlaması da olmuşdur ki, “Biz gömrük rüsumunu aşağı salsaq bu suiistifadə hallarına səbəb olacaq. Ölkəyə çoxlu sayda hibrid avtomobilləri gətiriləcək”. Əslində obrazlı desək, bu elə suisitifadə hallarına səbəb olmalıdır. Bu addım ona görə atılır ki, ölkəyə hibrid avtomobili gətirilsin, ölkənin avtoparkı yenilənsin”.
N. Cəfərli bildirdi ki, ölkədə mövcud avtomobillər həm ekoloji, həm də təhlükəsizliklə bağlı çox ciddi problemdir:
“Azərbaycanda avtomobil parkı həddindən artıq köhnədir. Yəni 2000-ci ildən aşağı illərə aid olan avtomobillərin sayı ümumi avtomobil parkında 60%-dən yuxarıdı. Bu həm ekoloji, həm də təhlükəsizliklə bağlı çox ciddi problemdir.
Avtomobilin ili nə qədər köhnədirsə həmin avtomobil bir o qədər təhlükəlidir. Azərbaycanda avtomobil qəzalarında ölüm hallarının çox olması köhnə avtomobillərlə bağlıdır. Siz əgər il ərzində ölümlə nəticələnən qəzaların araşdırmasını aparsanız görəcəksiniz ki, həmin avtomobillərin əksəriyyəti ya Rusiya istehsalı, ya da buraxılış ili 2000-ci ildən aşağıdır. Həmin avtomobillərdə təhlükəsizlik sistemi çox az təmin olunub. Rusiya istehsalı avtomobillərdə isə ümumiyyətlə təhlükəsizlik baxımından heç nə yoxdur. Ona görə də bu birinci növbədə insanın həyatının qorunması məsələsidir. İkinci təbii ki, ekoloji məsələdir. Bakı ekoloji cəhətdən kifayət qədər çirklənmiş şəhərdir. Bakıda hibrid avtomobillərin çox olması şəhərə ekoloji baxımdan müsbət təsir göstərəcək”.
İqtisadçı-ekspertin sözlərinə görə, hibrid avtomobillərin ölkəyə gətirilməsi iqtisadiyyatda da az-çox canlanmaya səbəb olacaq:
“Çünki, hibrid avtomobillərin ehtiyat hissələrinin Azərbaycana gətirilməsi geniş yayılacaq, onun təmiri ilə bağlı yeni iş yerləri açılacaq, hibrid avtomobilləri təmir etməyi bacaran mütəxəssislər yetişəcək. Ancaq burada qiymət məsələsi önəmlidir. Gömrük rüsumları indiki səviyyədə qalarsa hibrid avtomobillərin ölkəyə gətirilməsinin mənası qalmayacaq. Buna görə də hibrid avtomobilləri ilə bağlı gömrük rüsumu tamamilə ləğv edilməli, ƏDV vergisi də sıfırlanmalıdır. Çünki bu zaman Azərbaycanda avtoparkın sürətlə yenilənməsinin şahidi olacağıq”.
N. Cəfərli bir çox ölkələrdə hibrid avtomobillərə marağın artması üçün təşviq siyasəti aparıldığına diqqət çəkdi:
“Dünyanın ekoloji vəziyyətinin ağır olduğunu nəzərə alaraq bir çox ölkələrdə təşviq siyasəti aparılır ki, hibrid və elektrik avtomobillərin sayı getdikcə artsın. Hətta Avropa Birliyi ölkələrinin bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə benzin və dizellə işləyən avtomobillərə ümumiyyətlə qadağa qoyacaq. Yəni bunun fəlsəfəsi tək qiymətlə deyil, yeni texnologiyalarla, ekoloji məsələlərlə ölçülür. Ona görə də bir çox dünya ölkələri tərəfindən hibrid avtomobilləri sahiblərinə subsidiya verilir. Onlara vergi güzəştləri, ciddi şəkildə gömrük güzəştləri olunur. Stimullaşdırma proqramı həyata keçirilir ki, vətəndaşlar getdikcə daha çox hibrid və ya elektrik avtomobillərinə keçid etsinlər”.
 
Ekspert Tural Yusifov Yeniavaz.com-a açıqlamasında ölkəyə gətirilən elektrik avtomobillərinə tətbiq olunan bütün rüsumların ləğv edilməsinin vacibliyini vurğuladı: “Elektrik avtomobillər Azərbaycanda 15% idxal rüsumu ödəyirlər. Hibridlərə heç bir güzəşt olunmur. Adi avtomobillər kimi qeydiyyata alırlar. Ölkədə qənaətli avtmobillərin çoxalması, onların istifadəçilərinin stimullaşdırılması üçün ilk olaraq benzinin səviyyəsini yüksəltmək lazımdır. Hazırda Azərbaycana gələcək avtomobillər “Avro 6”dır. Bu avtomobillərə 92 markalı benzin tökə bilməzsiniz. 95 marakalı benzin isə “Avro 5”dir. Elektrikli avtomobilləri bütün rüsumlardan azad edib, onlara yaşıl nömrə vermək, hibridləri isə ƏDV-dən azad etmək olar. Əksinə də ola bilər. İdxal rüsumundan azad edib ƏDV-ni saxlamaq da olar. Bununla da hibrid avtomobillərdən istifadə edənləri stimullaşdırarsan”.
T. Yusifov bildirdi ki, amma gömrükdə kəskin bir yoxlanış olmalıdır:
“Ona görə ki, insanlar gedib Gürcüstandan suda batmış, odda yanmış, binadan düşmüş, qəzalı və Gürcüstanda texniki baxışdan keçməyən avtomobilləri Azərbaycana gətirməsinlər. Onlar texniki cəhətdən problemli avtomobillərdir. Hibrid avtomobilləri ölkəyə gətirən yerli dilerləri stimullaşdırmaq lazımdır. Hər kəs istəyər ki, təzə avtomobil alsın. Ancaq təzə avtomobilə keçmək üçün onun şəraiti olmalıdır. İnsanlar gömrükdə digər avtomobillərlə eyni rüsumu ödəyərək hibrid avtomobil gətirməkdənsə ucuz qiymətə qara tüstü verən maşın gətirməyi üstün tutarlar”.