Dünyada avtomobil satışı 2022-ci ildəki 67,3 milyon ədəddən 2023-cü ildə 75,3 milyon ədədə yüksəlib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 2020 və 2021-ci illər ərzində sektor yavaşlayan qlobal iqtisadiyyat və COVID-19 pandemiyası nəticəsində azalma tendensiyası yaşayıb.

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi isə avtomobil yarımkeçirici sənayesindəki çatışmazlıqlara və tədarük zəncirinin daha da pozulmasına səbəb olub. Bu çətinliklərə baxmayaraq, 2023-cü ildə satışlar pandemiyadan əvvəlki səviyyələri ötüb və bu il artmağa davam edəcəyi proqnozlaşdırılır.

Pandemiyadan əvvəl beynəlxalq avtomobil satışlarının 80 milyona çatacağı təxmin edilib. 2023-cü ildə isə satışlar hələ də bu hədəfdən uzaq olub.

İllərdir davam edən ikirəqəmli artımdan sonra Çin iqtisadiyyatı 2022-ci ildə zəifləməyə başladı və 2023-cü ilə qədər yavaş bərpa olundu. Buna baxmayaraq, Çin 2023-cü ildə 25,8 milyon satış ilə dünyanın ən böyük avtomobil bazarı olub.

Ümummilikdə 2010-2023-cü illər arasında dünyada illik bu qədər avtomobil satılıb:

İllər

Satış həcmi

2010-2019

71,1 milyon ədəd

2019

74,9 milyon ədəd

2020

63,8 milyon ədəd

2021

66,7 milyon ədəd

2022

67,3 milyon ədəd

2023

75,3 milyon ədəd

2024

77 milyon ədəd

 

Məlumata görə, bu il dünyada avtomobil satışının rekord səviyyəyə - 77 milyon ədədə çatacağı gözlənilir.

Qeyd olunub ki, gəlir baxımından “Toyota” və “Volkswagen” 2024-cü ilin may ayından etibarən dünya üzrə aparıcı avtomobil istehsalçıları olublar. Bu dövrdə “Volkswagen” 348,6 milyard dollar, “Toyota” isə 311,9 milyard dollar gəlir əldə edib.

Araşdırmalara görə, Çin ötən il ilk dəfə illik qlobal avtomobil satışlarında ABŞ-ni geridə qoyub. Belə ki, Çinin avtomobil markaları ötən il dünya üzrə 13,4 milyon yeni avtomobil satıb ki, bu da illik müqayisədə 23% çoxdur. Hesabat dövründə Amerika markaları 11,9 milyon yeni avtomobil satıb.

Əlavə edək ki, 2023-cü ildə dünyada təxminən 94 milyon avtomobil istehsal edilib. Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 10 faiz artım deməkdir. Çin, Yaponiya və Almaniya ən böyük avtomobil və kommersiya nəqliyyatı istehsalçıları hesab olunur.

 

Gözəl Həşimova