Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bununla da İqtisadiyyat Nazirliyi yanında olan xidmət bu sənədlə mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Yeni dövlət qurumunun yaradılması nəyi dəyişəcək?

İqtisadiyyat.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

O bildirib ki, inhisara qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır: “Rəqabət Məcəlləsi”nin qəbulundan sonra həm inhisara qarşı mübarizənin daha da gücləndirilməsi və eləcə də rəqabətin müdafiəsi daha prioritetləşib.  Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan, xidmətin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardı”.

V.Bayramov qeyd edib ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək: “Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir”.

V. Bayramov vurğulayıb ki, bir müddət öncə Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdi: “Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyindən bu sahədə idarəetmənin çevikliyini çöx önəmli idi. Çünki yeni qurumun yaranmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır. Bütövlükdə, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisara qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni institusional səhifənin açılması deməkdir”.