Avronun manata qarşı məzənnəsində artım müşahidə olunur. Belə ki, ötən gün Azərbaycanda avronun manata qarşı olan məzənnəsində rekord səviyyə qeydə alınaraq 1,9 həddini ötmüşdü. Bu gün isə 1 avro 1,8986 manata enib. Buna baxmayaraq, bu, yüksək göstərici hesab edilə bilər. Ekspertlər manatın avroya qarşı dəyər itirməsini dolların ucuzlaşması ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda dollardan başqa digər valyutaların birbaşa manatla məzənnəsi müəyyənləşdirilmir.

O bildirib ki, ölkədə çarpaz məzənnə sistemi tətbiq olunur: “Dolların digər valyutalara qarşı olan məzənnə dəyişikliyi Azərbaycan manatının da həmin valyutalara olan məzənnə dəyişikliklərində ehtiva olunur. İndi dollar avro qarşısında ucuzlaşır, avro bahalaşır. Deməli, faktiki olaraq manat da avro qarşısında ucuzlaşır. Bunun manatın məzənnəsinə birbaşa aidiyyatı yoxdur. Sabah avro yenidən dollar qarşısında ucuzlaşsa, manata görə də dəyər itirəcək. Ona görə də onun manata birbaşa təsirləri yoxdur”.

İqtisadçı hesab edir ki, avronun manata qarşı olan məzənnəsində belə yüksək göstəricinin qeydə alınması Azərbaycana Avropadan gətirilən məhsulların manat ifadəsində dəyərini artıracaq: “Çünki həmin məhsullar avroyla alınır və buna görə də həmin məhsulların Azərbaycanda satış qiymətlərində müəyyən artım müşahidə oluna bilər”.

İqtisadçı ekspert Xalid Kərimli də İqtisadiyyat.az-a açıqlamasında deyib ki, avronun manata qarşı dəyər qazanmasının səbəbi dolların ucuzlaşması ilə bağlıdır.

O, hazırda dolların dünya bazarında ucuzlaşdığını bildirib: “Azərbaycan manatı da dollara yapışdırılıb. Görürsünüz, 1 ABŞ dolları 1,70 manatdır və bu dəyişmir. Ona görə də dollar ucuzlaşanda manat da ucuzlaşır. Sanki Azərbaycan manatı balaca bir qayıqdır, özünü nəhəng bir ABŞ gəmisinə yapışdırıb. Ona görə də ABŞ dolları ucuzlaşanda manat da ucuzlaşır, bahalaşanda eynilə manat da dəyər qazanır. Hazırda dollar təkcə avroya görə yox, digər valyutlara qarşı da ucuzlaşır. Bu da ABŞ Mərkəzi Bankının sentyabrda atacağı addımla əlaqədardır. Çünki ABŞ Mərkəzi Bankı əminliklə elan etdi ki, sentyabrda faiz dərəcələrini aşağı endirməyə başlayacaq və ucuz pul siyasətinə start verəcək. Məsələnin məğzi budur”.

 

Sadiq Cavadov