Bu gün saat 12:30-da ilk sərbəst yürüşlərlə Formula 1 Azərbaycan Qran Prisinə start veriləcək.

Yarış proqramına əsasən, saat 16:00-da ikinci sərbəst yürüşlər, şənbə günü saat 13:00-da isə sonuncu – üçüncü sərbəst yürüşlər təşkil olunacaq.

Builki Azərbaycan Qran Prisi pandemiya səbəbində tamaşaçılarsız keçirilməsi ilə yanaşı, həm də maraqlı yarış intriqası ilə seçilir. Belə ki, öncəki Monako Qran Prisində yarış cədvəlindəki liderliyini əldən verən Luis Hemilton və “Mercedes” komandası Bakıda birinciliyini bərpa etməyə çalışacaq.

Hazırda britaniyalı pilotu ilk pillədə qərarlaşan niderlandlı Maks Ferstappendən 4 xal ayırır. Sonuncunun təmsil etdiyi “Red Bull” komandası isə mühəndislər kubokunda “Mercedes”i cəmi bir bal üstələyir.

Bir sözlə, Bakıda bütün Formula 1 sevərləri olduqca maraqlı yarış gözləyir.