Bu ilin birinci yarısında Azexport.az portalına 303,1 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə ilə müqayisədə 6,6% çoxdur.

Apa-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkişaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, cari ilin iyun ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,3 mln. dollar təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 20,8%-lik artım qeydə alınıb.

Cari ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,9%), Türkiyə (6,6%), Hindistan (5,7%), ABŞ (5,5%)  və  İngiltərə (5,3%) qərarlaşıb, Hüseyn qeyd edib.

R. Hüseyn əlavə edib ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinədək (30 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 292,2 mln. dollar təşkil edib.

Bu ilin yanvar-iyul ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 71,8 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.