Zaqatala sakini Nizami Ramazanov uzun illərdir sahibsiz heyvanlara könüllü xidmət göstərir. O, öz hesabına və yardımsevərlərin dəstəyi ilə sahibsiz itlər üçün sığınacaq da təşkil edib. Amma deyir ki, yaşadığı rayonda sahibsiz itlər öldürülür. O, dəfələrlə həm sosial media hesablarında, həm də mediada bu haqda iddialarla çıxış edib.

Heyvansevər gənc bu gün yenidən bu barədə paylaşımlar edərək problemin aktuallığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir gün əvvəl sağ olan iti bu gün tullantıların atıldığı sahədə ölü tapıb. O, hesab edir ki, itlər bilərəkdən zəhərlənərək öldürülür. N.Ramazanov ekspertiza məqsədi ilə it cəsədlərini rayon baytarlıq idarəsinə aparsa da, idarədə onu qəbul etməyiblər. Əvəzində onun Qida Təhlükəsizliyi Agentliyinə getməli olduğunu bildiriblər. Nizami qeyd edir ki, ona bu idarədə də məntiqli və əsaslı cavab verilməyib. 

İqtisadiyyat.az bildirir ki, rəsmi qurumlar bu iddianı təkzib etsə də, sahibsiz itlərin sözügedən rayonda kütləvi ölümü birinci hal deyil. Məsələni diqqətdə saxlayacağıq.