Son günlər Xəzərin Rusiya və Azərbaycan sahillərində suitilərin kütləvi ölümü müşahidə olunub. Son məlumata görə, Dağıstanda cəsədi tapılan suitilərin sayı 2500-ü ötüb. Azərbaycan sahillərində isə 17 belə cəsəd aşkarlanıb. Güman olunur ki, onları Dağıstandan dalğalar Azərbaycan tərəfinə gətirib. Mütəxəssislər müxtəlif versiyalar səsləndirir. Rusiyalı ekspertlər ilkin rəylərində bunu yeraltı seysmik aktivlikdən yaranan metan qazı ilə əlaqələndirir və suitilərin boğulduğunu düşünür. Versiyalardan biri də hərbi əməliyyatlardır. Daha doğrusu belə bir iddia ilə azərbaycanlı həkim Vasif İsmayıl çıxış edib.

O, öz feysbuk profilində bu mövzuya toxunaraq bildirib ki, suitilərin ölümünə səbəb kimi Rusiyanın Ukraynaya atdığı X22 və digər bu qəbildən olan raketləri görür:

“Bombardmançı təyyarələr Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. X22 raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var. Raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür. Raket insan yaşayan torpaqlara düşməsin deyə dəniz üzərindən atırlar. Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli X22 raketlərini atmağa başlayıb və Xəzərə düşən nasaz raket sayı da artıb. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür”. 

V.İsmayıl bu mövzuda mütəxəssisləri daha ətraflı araşdırma aparıb məlumat verməyə çağırıb.