Bu ilin birinci yarısında kriptovalyuta sahibləri Visa bank kartları vasitəsilə mal və xidmətlərə 1 milyard dollar xərcləyib.

İqtisadiyyat.az Visa-nın açıqlamasına istinadla xəbər verir ki, şirkət Circle, BlockFi və Coinbase kimi krtiptovalyuta platformaları ilə əməkdaşlıq edərək, 70 milyon şəxsin öz rəqəmsal pullarını bank kartları vasitəsilə xərcləməsinə imkan yaradıb.

Visa-nın rəhbəri Vasant Prabhunun fikrincə, kriptovalyuta, QR kodları və biometrik sistemlərin köməyi ilə növbəti illərdə xərclənən vəsaitin həcmi 18 trilyon dollara çata bilər. Visanın əsas rəqibi Mastercard isə bu yay kriptovalyuta birjası Gemini ilə birgə cashback əvəzinə kriptovalyuta qazandıran kart istifadəyə verəcəyini bildirib.

Kriptovalyutalardan istifadəyə maraq qlobal miqyasda sürətlə artır. Rəqəmsal valyuta birjaları artıq ənənəvi maliyyə oyunçularını əvəz edir. Təsadüfi deyil ki, bugün həm də ən məşhur idman yarışlarından biri UFC (Ultimate Fighting Championship) Crypto.com adlı platforma ilə 10 il müddətinə 175 milyon dollarlıq sponsorluq müqaviləsini rəsmiləşdirib. Bundan sonra UFC idmançılarının geyim və aksesuarlarında Crypto.com-un reklamı əks olunacaq.