Ötən gün "Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus özəl təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində "Vaqner"in rəhbəri Yevgeni Priqojin, onun müavini Dmitriy Utkin və digər 8 nəfər həyatını itirib. "Vaqner"ə yaxın bəzi "Telegram" kanallarında təyyarənin Rusiyaya aid müdafiə sistemləri tərəfindən vurulduğu iddia olunub. 

Maraqlıdır ki, "Vaqner"in rəhbər heyətini daşıyan özəl təyyarənin yerə çırpılması qəza, sui-qəsd, yoxsa terror aktıdır? 

kamran1668507040.jpg

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Kreml hər zaman siyasi rəqiblərini yoxa çıxarmaq və sui-qəsd etmək üçün müxtəlif vasitələrdən istifadə edib:

"Putinin şəxsiyyətini analiz edən hər bir kəs bilir ki, o, Stalinin qurduğu bu məktəbin davamçısı və xəyanəti bağışlamayan biridir. Bundan öncə Putinin siyasi rəqiblərinə və özünə təhlükə kimi gördüyü şəxslərə qarşı nə etdiyi heç kəsə sirr deyil. Putin Priqojinin qiyamından sonra onun avtoritetinin zədələdiyini çox gözəl bilirdi. Putin "Vaqner"in üsyanını dayandıra bilmədiyinə görə, Priqojinin yürüşünü dayandırmaq üçün Lukaşenkoya müraciət etməyə məcbur qaldığına və iyunun 24-də Rusiya təyyarəsinin vurulmasına cavabdeh olan "Vaqner" hərbçilərini cəzalandırmadığına görə əhəmiyyətli dərəcədə alçaldılmışdı. Bu cəzasızlıq gələcəkdə digər qiyam planı olanları da həvəsləndirə bilərdi. Ona görə də Putin bir çoxumuzun gözlədiyini qiyamın iki aylığında etdi. Bu sui-qəsdin arxasında Putinin olması çox aşkardır. 

Çünki Priqojinin təyyarəsinin vurulma anı video görüntülərlə qeydə alınıb. İndiki zamanda kim telefonla  və ya kamera ilə göydə uçan təyyarələri lentə alır? Təyyarənin vurulma anının lentə alınması bu hadisənin qabaqcadan kimlərsə tərəfindən bilindiyinə işarə edir. Təyyarə vurulduqdan dərhal sonra bütün rusyönümlü medialarda Priqojinin ölməsi xəbəri yayıldı. Halbuki bu cür qəzalarda ilkin məlumatlar belə tez müəyyən olunmur. Bundan başqa, təyyarə qəzası Moskvaya yaxın Tver vilayətində baş verib. Bu, hücumun kənardan olma ehtimalını azaldır. Priqojinin öldürüldüyü gün, yəni avgustun 23-ü Putin "Vaqner"ə bağlı olduğu iddia edilən ordu generalı Sergey Surovikini Rusiya Aerokosmik Qüvvələrini komandiri vəzifəsindən rəsmən azad etdi. Bu, Putinin Rusiyadakı elitaya bir gündə iki mesajı kimi də qiymətləndirilə bilər. Yəni, heç kəs cəzasız qalmadı. 

Son dövrlər hamı elə düşünürdü ki, "Vaqner" və Rusiya hakimiyyəti arasında anlaşılmazlıqlar artıq bitib. Lakin bu qarşıdurma Afrikada davam edirdi. Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqəsi olan rus insayder mənbəsi iddia edirdi ki, Priqojinin Afrikaya “tələsik” getməsi Rusiya Baş Qərargahının "Vaqner"in Afrikadakı mövcudluğunu pozmaq planlarına cavabdır.  Mənbə iddia edib ki, "Vaqner"in Afrikada fəaliyyətini tamamilə əngəlləmək general-polkovnik Andrey Averyanova həvalə edilmişdi. 

Onun "Vaqner"in əvəzediciləri kimi 20.000-dən şəxsi heyətdən ibarət ordu korpusunun yaradılması və öyrədilməsi planları olub. Priqojin buna qəti şəkildə qarşı çıxırdı. Onun Afrikaya tələsik getməsi və oradan videomüraciət etməsi də bununla əlaqəli idi. 

Bundan sonra başsız və maliyyəsiz qalan "Vaqner" qrupunun ciddi nəsə edəcəyini düşünmürəm. Onlar ya fəaliyyətlərini dəyandıracaq, ya da Rusiya hakimiyyətinə tabe olaraq missiyalarına davam edəcəklər".

9fa3a131-dda7-445f-9203-396c7ed1b00d.jpg

Politoloq Yusif Bağırzadə isə öz növbəsində qeyd edib ki, Kreml bu davranışı ilə göstərdi ki, kimliyindən asılı olmayaraq ölkə daxilində istənilən gücün öhdəsindən gələ bilər: 

"Priqojinin keçmişinə nəzər saldıqda görürük ki, o, hələ 80-ci illərdə həbsxana həyatı yaşayıb, daha sonra hotdoq satmağa başlayaraq supermarketlər şəbəkəsində pay sahibi olub və sonradan öz restoran şəbəkəsini və şirkətini yaradıb. Onun restoranı məşhur yeməkləri ilə şöhrət qazanıb və həmin vaxt Sankt-Peterburq şəhərinin rəhbərinin müavini olan Vladimir Putin də daxil olmaqla, bir çox yüksək vəzifəli şəxsləri qonaq edib. Bundan sonra Priqojinin “Konkord” şirkətlər qrupu dövlət tenderlərində iştirak edib, bir çox müqavilələr imzalayıb və fəaliyyətini daha böyük səviyyəyə qaldırıb. Kremllə imzalanan ketrinq, yəni yemək xidməti müqavilələrinə görə uzun illər “Putinin aşpazı” ləqəbi ilə tanınıb.  

2014-cü ildə, yəni Rusiyanın Krımı ilhaq etdiyi il “Vaqner” özəl hərbi şirkətini yaradıb. Qruplaşma 2014-cü ildə Ukraynanın şərqindəki Donbas bölgəsinin bir hissəsini ələ keçirən separatçılara dəstək verib. Liviya, Suriya, Mərkəzi Afrika Respublikası və Malidə döyüşüb. “Vaqner” qrupunun erməni separatçılarına dəstək verdiyi və İkinci Qarabağ savaşında ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşduğuna dair kifayət qədər faktlar var. “Vaqner”-in tərkibində müxtəlif bölgələrdə hərbi cinayətlərdə iştirak edənlərin içərisində də ermənilər kifayət qədər olub. Elə təyyarənin partlaması zamanı Priqojinlə birlikdə, ölən Makaryan özü də onun ən yaxın silahdaşlarından olub.

Priqojin hərbi cinayətkar olmaqla yanaşı, həm də ayrı-ayrı tanınmış simalara qarşı qətlləri təşkil edən adam idi. Mərkəzi Afrika Respublikasında Orxan Camalın və onun silahdaşlarının qətlini birbaşa Priqojinin təşkil etdiyini hər kəs bilir. 

İndi Priqojinin ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Amma dəqiq olan odur ki, Yevgeni Priqojin öz ölüm hökmünü bundan düz iki ay əvvəl, iyunun 23-də vermişdi. Həmin gün Priqojin “Vaqner”çiləri Ukrayna cəbhəsindən çıxararaq Rostova gətirmiş, orada müharibənin əsas koordinasiya olunan mərkəzini -Cənub Hərbi Dairəsinin qərargahını tutmuş, Rusiyanın nüvə başlıqlarının saxlanıldığı Voronejə doğru hərəkət edəcəyini bəyan etmiş, sonra isə paytaxt Moskvaya doğru irəliləyəcəyini demişdi. Bu hərəkəti ilə bütün dünyanın diqqətini Rusiyaya yönəltmiş, ölkəni təxminən 10 saat ayaqüstə saxlamış, Putinin nüfuzuna bəlkə də bu hadisədən sonra da “sağalmayacaq” ciddi zərbə vurmuşdu. Putin isə bu cür xəyanətləri bağışlamır. Priqojinin ölümü gələcəkdə də bu kimi iddialarda ola biləcək şəxslər üçün bir xəbərdarlıq idi. 

“Vaqner”lə əlaqəsi olan ordu generalı Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən azad edilməsi, onun yerinə general-polkovnik Viktor Afzalovun təyin edilməsi və təyyarənin vurulması arasında bir gün fasilənin olması da təsadüfi deyil. Priqojinin ölüm qərarının verilməsinə onun Afrika ilə bağlı davranışları da səbəb oldu. Putin, Priqojin və Lukaşenko sövdələşməsinə əsasən Priqojin “Vaqner”in mediada açıqlamalar verməsini məhdudlaşdırmalı və Afrikadakı əməliyyatlara qarışmamalı idi. Amma Priqojin razılaşmaya əməl etməyərək “Vaqner”in Afrikadakı əməliyyatlara müdaxilə imkanlarını yenidən bərpa etməyə çalışırdı. Priqojin bu davranışları ilə “qırmızı xətt”i keçmişdi və bununla da özünün ölüm fərmanını vermişdi.

“Vaqner” qrupunun komandirlər şurasının bundan sonra atacağı addımlara gəldikdə isə burada iki yol var. Ya Priqojinin ölümünü sakit qəbul edərək fəaliyyətlərini Rusiyanın müvafiq strukturlarının tərkibində davam etdirəcəklər, ya da onların da aqibəti Priqojindən fərqli olmayacaq".

Xatırladaq ki, Priqojinin muzdlu döyüşçüləri iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başlamışdı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatmışdı. 

Gülşən Şərif