Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya ilə Ukrayna arasında 10 aydır davam edən müharibədə Ukraynada səhiyyə xidmətlərinə qarşı 700-dən çox hücumun həyata keçirildiyini açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, ÜST-nin Ukrayna nümayəndəsi Dr. Jarno Habicht BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Ukraynada qışın pisləşməsi ilə əlaqədar xəstəlik riskinin artdığını bildirən Habicht, bu vəziyyətin milyonlarla insanın ruh sağlamlığını təhdid etdiyi barədə xəbərdarlıq edib.

Habicht, "24 fevraldan bəri ÜST səhiyyə müəssisələri, təchizat, nəqliyyat və digər vasitələrə təsir edən, tibb işçilərini və xəstələri yaralayan və ya öldürən 700-dən çox hücumu təsdiqləyib. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır", - deyə qeyd edib.

Rusiyanın Ukraynada dinc əhalinin yaşadığı yerləri bombaladığına və enerji sahələrini hədəfə almasına toxunan Habicht, enerji sahəsindəki fasilələrin xəstəxanalarda və səhiyyə xidmətlərində böyük ləngimələrə səbəb olduğunu bildirib.