Rusiya ordusunun hücumları nəticəsində enerji infrastrukturunun ciddi şəkildə zədələndiyi Ukraynada paytaxt Kiyevdə əsas yolka generatorla işıqlandırılıb.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya raket və İHA-nın mülki infrastruktura hücumları səbəbiylə elektrik kəsilməsinin davam etdiyi paytaxt Kiyevdə ənənəvi yolka meri Vitali Kliçkonun da iştirak etdiyi mərasimlə işıqlandırılıb.

Paytaxtın mərkəzindəki Sofiya meydanında qurulan və generatorla işıqlandırılan yolkaya baxmaq üçün çoxlu insan küçələrə axışıb.

Mərasimdə iştirak edən Kiyev meri Kliçko jurnalistlərə açıqlamasında bu gün ölkəsində Milad bayramının keçirildiyini və bu gün yolkanın ənənəvi olaraq işıqlandırıldığını bildirib.

Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini qeyd edən Kliçko, bu il müharibə səbəbindən Milad və Yeni il bayramlarına hazırlıqların kiçik miqyasda aparıldığını qeyd edib.

Rusiyanın hücumları altında ölkədə gedən müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq, Kiyevdə uşaqlar üçün yolka qurduqlarını ifadə edən Kliçko:

"Bu il, təbii ki, qeyd etmələrin formatı fərqlidir. Yolka əvvəlki kimi böyük və qəşəng deyil. Onun hündürlüyü keçən ilki kimi 31 metr deyil, 12 metrdir. Biz ona "Məğlubedilməz Milad" adını vermişik."