"Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanıram”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dəmiryolu sahəsində yeni dövr başlayıb. O, dəmir yolu şəbəkəsinin 14 min kilometrə çatdığını söyləyib.

Nazirin sözlərinə görə, dəmiryolu sürətli və rahat səyahət istəyənlərin ilk ünvanıdır.

Abdulkadir Uraloğlu daha əvvəl bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq.