"Real Madrid" klubu 2017-ci ildən komandanın həkimi olan xorvat Niko Mihiçi vəzifəsindən uzaqlaşdırıb.

İqtisadiyyat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu qərar Türkiyə millisinin üzvü Arda Gülərlə bağlıdır.

“Marca” qəzeti “Real Madrid” klubunun prezidenti Florentino Peres və xorvatiyalı futbolçu Luka Modriçə çox yaxın biri kimi tanınan həkim Mihiçin xüsusilə Arda Gülərin zədələrindən sonra tətbiq etdiyi müalicə üsullarının şübhə yaratdığını iddia edib.

O, Arda Gülər, Eder Militao və Tibo Kurtua kimi zədə problemi olan futbolçuların müalicə proseslərində klubun həkim heyətinin rəhbəri Mihiçin verdiyi qərarların müzakirə edildiyini yazıb.

Ardanın ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında aldığı menisk zədəsindən sonra əməliyyat üçün 2 həftə gözlədildiyini xatırladan İspaniya qəzeti sonrakı müalicə proseslərinin çox da fayda vermədiyini və türk futbolçunun zədələrinin təkrarlandığını qeyd edib."

"Real Madrid" hazırkı vəziyyətdən razı qalmadığı üçün 6 ildən sonra həkim Mihiçlə yollarını ayırıb.