Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.
Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.
Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.

 

***

13:00

Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.

İqtisadiyyat.az xəbər verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.

Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə də işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otarakən baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

12.16

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.