"Tarqovı"dakı məşhur "Palma" restoranının sahibi Xəlilov Gülabi Vaqif oğlunun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsində müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi G.Xəlilovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.

İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, G.Xəlilovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Səbail rayonu, Fəvvarələr meydanında ‎yerləşən, fiziki şəxs Xəlilov Gülabi Vaqif oğluna məxsus “Palma” kafesində nöqsanlar aşkarlandığı barədə məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.