"Böyük Britaniya bölgədəki vəziyyətin kəskin şəkildə pisləşməsi səbəbindən Yaxın Şərqdəki mövcudluğunu gücləndirib, lakin İsrailin HƏMAS qruplaşmasına qarşı əməliyyatında iştirak etmir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən Sunak Londonun məqsədinin münaqişənin genişlənməsinin qarşısını almaq olduğunu vurğulayıb.

"Biz eskalasiyanın və İsrailə qarşı yeni təhdidlərin qarşısını almaq üçün çalışırıq. Cümə günü Kral Hərbi Hava Qüvvələrinə məxsus müşahidə təyyarələri regional təhlükəsizliyə qarşı təhdidləri müəyyən etmək üçün patrul xidmətlərinə başlayıb", - Sunak qeyd edib. 

Sunak həmçinin bildirib ki, London Fələstin sakinlərinə göstərilən humanitar yardımın həcmini üçdə bir artırıb. Bu məqsədlər üçün Britaniya büdcəsindən əlavə 10 milyon funt-sterlinq (12,2 milyon dollar) ayrılacaq: "Hərəkət tələb edən kəskin humanitar böhran var. Biz fələstinlilərə kömək etməliyik, çünki onlar da HƏMAS-ın qurbanıdırlar. HƏMAS fələstinlilərin istədiyi gələcəyi təmsil etmir və Fələstin xalqını riskə atır", - Baş nazir vurğulayıb.