Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronun 2023-cü ilin iyulunda baş tutmalı olan, lakin Fransadakı iğtişaşlar səbəbindən təxirə salınan Almaniya səfərinin may ayında baş tutacağını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şolts Berlində Fransanın baş naziri Qabriel Attal ilə birgə mətbuat konfransında deyib.

"2024-cü il Almaniya-Fransa münasibətləri üçün xüsusi il olacaq. May ayında prezident Makron Almaniyaya qısamüddətli dövlət səfəri edəcək. İyun ayında Almaniyada futbol üzrə Avropa çempionatı başlayacaq, daha sonra isə Olimpiya Oyunları keçiriləcək. Biz həqiqətən də səfəri səbirsizliklə gözləyirik", - Şolts qeyd edib.

Yanvarın 23-də "Agence France Presse" qeyd edib ki, Makron mayın 26-dan 28-dək Almaniyaya dövlət səfəri edəcək. Agentlik bildirib ki, Makron Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən dövlət səfərinə dəvət olunub. Makronun may səfəri Almaniyanın konstitusiyasının 75-ci ildönümünü qeyd etdiyi vaxta təsadüf edir.

Qeyd edək ki, Makronun dövlət səfəri əvvəlcə 2023-cü ilin iyul ayının əvvəlinə planlaşdırılıb, lakin 2023-cü ilin iyununda Fransada baş verən vətəndaş iğtişaşları səbəbindən təxirə salınıb.