COVID-19 pandemiyası ilə bağlı dünya sığorta sektorunun maliyyə itkiləri 203 milyard ABŞ dollarına çatacaq.

İqtisadiyyat.az “Komersant”a istinadən xəbər verir ki, bu, dünyanın ən böyük sığorta bazarı “Lloyd’s of London”nun hesabatında yer alıb.

Həmin məbləğin 107 milyard ABŞ dolları təxirə salınmış tədbirlərlə bağlı sığorta təzminatlarının, şirkətlərin məcburən fəaliyyətini dayandırmalarının payına, 93 milyard ABŞ dolları da aktivlərin ucuzlaşması üzündən sərmayə itkilərinin payına düşür.

“Lloyd’s”un baş direktoru Con Nil bununla bağlı bildirib ki, təkcə sığorta təzminatları baxımdan 2020-ci il sığorta sektoru üçün Karib hövzəsində dağıdıcı tufanlarla yadda qalmış 2005-ci və 2017-ci illər, habelə Nyu-Yorkda terror hücumları ilə əlamətdar olan 2001-ci il ilə yanaşı, ən məsrəfli dövrlərdən biri olacaq.

“Lloyd’s”un öz məsrəfləri isə ilkin olaraq 3-4,3 milyard ABŞ dolları həcmində dəyərləndirir. Bununla belə, hazırkı lokdaun iyun ayında başa çatmasa, itkilərin daha da artacağı qeyd olunur.