Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə İsrailin Qəzza zolağına hücumlarından zərər çəkənlərə səhiyyə tədbirlərini dəstəkləmək üçün 10 milyon dollar dəyərində ortaq əməkdaşlıq sazişi imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən açıqlamaya görə, ÜST ilə sözügedən razılaşma İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına hücumlarından zərər çəkənlərə sağlamlıq tədbirlərini dəstəkləmək üçün imzalanıb.

Müqavilə çərçivəsində Qəzza zolağında 40 tibb müəssisəsinə dərman və əsas tibbi ləvazimatlar veriləcək, əsas tibbi ləvazimat, dərman və yanacaq təminatındakı çatışmazlıqlar aradan qaldırılacaq, səhiyyə müəssisələrinin işinə dəstək veriləcək.

Bəyanata görə, Qəzza zolağındakı səhiyyə müəssisələrinin imkanları da təcili tibbi yardımın təmin edilməsi və lazımi tibbi xidmətə çıxışın olmaması səbəbindən yaranan kritik halların və ölüm hallarının azaldılması üçün gücləndiriləcək və dəstəklənəcək. Bu dəstəkdən 456 min insan faydalanacaq.