Ermənistanın Laçın yolundakı vəziyyətin təcili müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməsi, separatçı rejimin isə Rusiyanın təklif etdiyi, həm Ağdam, həm də Laçın yolu ilə Xankəndiyə yüklərin daşınmasını nəzərdə tutan “kompromis variantı"nı rədd etməsi yenidən sözügedən problemə diqqəti artırıb. Azərbaycan tərəfi beynəlxalq hüquqa söykənən tələblərindən geri çəkilmək fikrində deyil. İqtisadiyyat.az xəbər verir ki, ölkəmizin bu haqlı inadkar mövqeyi rusiyalı ekspertləri dilə gətirib.

Postsovet regionu üzrə ekspert, jurnalist Kirill Krivoşeyev Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində ermənilərin Rusiyanın təklifini siyasi səbəblərə görə rədd etdiyini bildirib: “Onlar (separatçılar - red.) Ağdam yolu ilə yük qəbul etmək istəmirlər, çünki o zaman Azərbaycandan asılılıqlarını etiraf etməli olacaqlar. Ermənistan isə dünya ictimaiyyəti qarşısında humanitar mənzərə ilə bağlı Azərbaycana təzyiq göstərməyə çalışır”. 

Ekspertin sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasına ona görə müraciət edib ki, sözügedən qurum nəzəri cəhətdən Bakını buna məcbur edə biləcək yeganə beynəlxalq strukturdur. Lakin Azərbaycan mövqeyindən geri çəkilmək fikrində deyil: "Azərbaycan əmindir ki, öz ərazisində daxili və beynəlxalq qanunlar çərçivəsində hərəkət edir. Axı, həqiqətən də həm Laçın, həm də Ağdam dəhlizi Azərbaycanın ərazisidir və bu yollar üzərində öz qanunlarını müəyyən etmək hüququ var".

Krivoşeyev Qarabağdakı mövcud vəziyyəti “Rusiya üçün çox çətin” məqam adlandırıb. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda “Laçın dəhlizi”nin fəaliyyət göstərməsinin təminatçısı kimi məhz Kreml çıxış edib. Amma hazırda Moskva bu vəziyyətə heç bir müdaxilə edə bilməz. Ermənistanda təbii ki, bunu anlayır və məyus olurlar. Onlar hesab edirdilər ki, Azərbaycanın Laçında qurduğu sərhəd zastavası məhz Rusiyanın müdaxiləsi ilə aradan qaldırılmalı idi. Amma aydın məsələdir ki, bu mümkünsüz idi. Ona görə də rəsmi Moskva təkcə Ağdam dəhlizinin Laçın dəhlizi ilə birlikdə açılmasına deyil, həm də Laçın dəhlizinin bir sutka əvvəldən açılmasına razıdır".

Bir başqa rusiyalı ekspert, beynəlxalq siyasi şərhçi Yelena Suponina isə hesab edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etməklə heç nəyə nail olmayacaq: “Çətin ki, BMT Təhlükəsizlik Şurası Rusiya, ABŞ və Avropa İttifaqı kimi beynəlxalq vasitəçilərin birgə səyi olmadan nəsə qərar qəbul etsin. Ən qəribəsi də budur ki, bu üç vasitəçinin münasibətləri indi çox pisdir. Yəni aradakı etibarsızlıq səviyyəsi yüksəkdir. Bu isə Qarabağ probleminin həll yollarının tapılmasını çətinləşdirir". 

Suponinanın fikrincə Rusiya sözügedən problemin həlli prosesində Qərbin onu regiondan sıxışdıra biləcəyindən narahatdır: "Brüssel və Vaşinqton həm Ermənistan, həm də Azərbaycanla dialoq qurur. Danışıqlarda Rusiya sülhməramlılarının regiondakı missiyasının azaldılması da müzakirə edilib. Rəsmi Moskva isə bundan ehtiyat edir”.