Mərkəzi Afrika Respublikasında mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Rus Evinə göndərilən bağlama partlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin, Xaricdə Yaşayan Vətəndaşların və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakovun sosial şəbəkədə verdiyi açıqlamaya görə, paytaxt Banqidəki Rus Evində terror aktı törədilib.

Rus Evinin direktoru Dmitri Sıtıy poçtla mərkəzə göndərilən paketi açarkən partlayış baş verib və Sıtıy yaralı olaraq xəstəxanaya aparılıb.

Rusiyanın Bangui səfirliyindən verilən açıqlamada mərkəzdə partlayan paketin naməlum yerdən gəldiyi və səfirlikdə təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi də hücumu pisləyən bəyanat yayıb.

Bəyanatda Mərkəzi Afrika Respublikasının səlahiyyətli orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində hücumun təşkili və həyata keçirilməsində məsul şəxslərin müəyyən edilərək cəzalandırılması tələb olunub:

“Biz Banqidəki Rus Evinin fəaliyyətinə açıq şəkildə mane olmağa və daha geniş şəkildə iki ölkə arasında dostluq münasibətlərinin uğurlu inkişafına xələl gətirməyə yönəlmiş bu cinayət əməlini qətiyyətlə pisləyirik”.