Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) "Vaqner" rəhbəri Yevgeni Priqojinin ölümü barədə məlumatı təsdiqləyib.

İqtisadiyyat.az agentliyə istinadən xəbər verir ki, qəza zamanı Priqojin ilə bərabər "Vaqner"in məşhur komandirlərindən biri olan Dmitri Utqin də həlak olub. 

Qeyd edək ki, qəza zamanı ümumilikdə 10 nəfər həyatını itirib. 

*** 21:59

TASS-ın Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviatsiya) əsaslandığı məlumatında, Priqojinin Tverdə qəzaya uğrayan təyyarədə olduğu təsdiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, "Vaqner"ə yaxın bəzi "Telegram" kanallarında təyyarənin Rusiyaya aid müdafiə sistemləri tərəfindən vurulduğu iddia olunub.

Xatırladaq ki, Priqojin muzdlu döyüşçüləri ilə iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başlamışdı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Kremlə yaxınlığı ilə seçilən "Readovka" teleqram kanalının məlumatına görə, Yevgeni Priqojin təhlükəsizlik səbəbi ilə adını sərnişinlər siyahısına yazdırıb özü digər təyyarədə yer almış ola bilər. Hələ ki, "Vaqner" rəhbərinin nəşi aşkar edilməyib və ölümü rəsmi təsdiqlənməyib.

*** 21:18

"Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus özəl təyyarə Tver vilayətində qəzaya uğrayıb. 

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisənin qəza deyil, sui-qəsd olma ehtimalı da var. Bəzi mənbələr isə təyyarənin göyərtəsində terror aktı törədildiyini iddia edir. 3-ü ekipaj üzvü, 7-si sərnişin olmaqla, ümumilikdə 10 nəfərin öldüyü bildirilir. Təyyarə Moskva-Sankt-Peterburq reysi üzrə hərəkət edirmiş.

Rosaviasiyanın məlumatına görə, təyyarənin sərnişinləri arasında Yevgeni Priqojin də olub. Rusiya Fövqəladə Hallar Nazirliyi Tver vilayətində qəzaya uğrayan təyyarədə 10 nəfərin öldüyünü, onlardan 8-nin cəsədinin aşkarlandığını açıqlayıb.