Katolik dünyasının ruhani lideri Papa Fransisk Messinin səkkizinci dəfə “Qızıl top”u qazanmasından sonra futbolla bağlı açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, Roma Papası Fransisk İtaliya mətbuatından olan RAI-yə müsahibəsində futbolsevərləri təəccübləndirən açıqlama verib. Dieqo Maradona və Lionel Messi arasında seçim etməsini xahiş edilən Papa iki vətəndaşı arasında qərar verə bilməyib və Braziliya futbolunun əfsanəvi adı Peleni seçib. Çıxışına səkkizinci dəfə “Qızıl top”u qazanan Messini tərifləməklə başlayan Papa daha bir əfsanəyə diqqət çəkib.

“Maradona bir oyunçu kimi əla idi. Amma o, insan kimi uğursuzluğa düçar oldu. O həmişə onu tərifləyənlərin, şöhrətindən istifadə edənlərin, ona kömək etməyənlərin yanında olub. Papalığımın birinci ilində məni görməyə gəlmişdi, sonra da dünyasını dəyişdi.

Maraqlıdır ki, bir çox idman əfsanələrinin sonu pis olur. Messi çox ədalətli insandır, centlmendir. Amma mənim üçün bu üçlük arasında ən böyük centlmen Peledir. Pele ilə bir dəfə Buenos-Ayresdə olarkən təyyarədə görüşüb söhbət etdik. Böyük insanlığı var idi.

 Hər üçü tamamilə gözəl insanlar idi və hər biri öz sahəsində ən yaxşı idi. "Messi indi çox yaxşıdır, amma Pele də yaxşı idi."

Qatı futbol həvəskarı olan Papa Argentina Liqası komandalarından biri olan "San Lorenzo" tərəfdarıdır. Futbola və "San Lorenzo"ya olan sevgisini heç vaxt gizlətməyən Papa Fransisk "San Lorenzo"ya tez-tez dəstək verməsi ilə bilinir.