BMT-nin baş katibi Antonio Quterreş Çinə yollanıb və orada bu ölkənin prezidenti Si Tsinpinlə və yüksək çinli rəsmilərlə görüşəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Məlumat verim ki, baş katib çoxdan planlaşdırılan səfərə çıxıb. O, Pekinə yollanır. Çin hökumətinin dəvəti ilə Çində, "Bir kəmər, bir yol” üçüncü beynəlxalq forumunda iştirak edəcək və forumun açılış mərasimində çıxış edəcək. O, həmçinin Çinin Sədri Si Tsinpin, sədr müavini Han Zhenq və xarici işlər naziri Vanq Yi də daxil olmaqla digər yüksək vəzifəli şəxslərlə, eləcə də İqlim Dəyişiklikləri üzrə Xüsusi Elçi Xie ilə ikitərəfli görüşlər keçirəcək", - Düjarrik qeyd edib.

Düjarrik Quterreşin Çində “Bir kəmər, bir yol” forumuna qatılacaq Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verməyib: "Başqa görüşlər olarsa, sizə məlumat verəcəyik".