Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) olaraq Azərbaycan əhalisinin diqqətini son həftələrdə ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur.

Bu isə o deməkdir ki, həmin toyuqlar ölkəmizin gömrük sərhədini ən uzağı 2-2,5 manatla keçir.

Belarusdakı istehsalçının ətin üzərinə qoyduğu marjanı da çıxdıqda, belə məlum olacaq ki, bu toyuqların maya dəyəri 1-1,5 manata, yəni 1 dollardan aşağı başa gəlir. Hazırda qlobal əmtəə bazarlarındakı qiymət səviyyəsini nəzərə alsaq, nəinki Belarusda, heç bir ölkədə keyfiyyət standartlarına uyğun yetişdirilən 1 kq toyuq ətinin maya dəyəri 1 dollardan aşağı başa gələ bilməz.

Dörd ay əvvələ qədər Azərbaycana gətirilən toyuq əti gömrükdən ən ucuz 2,2 manata keçirilirdi. İdxalçıya bu, 2,65 manata başa gəlirdi və ticarət şəbəkələrinə bu qiymətə verilirdi. Lakin son aylarda dünyada heyvan və quş istehsalında istifadə edilən yem və yem əlavələrinin kəskin bahalaşması maya dəyərinin də artmasına səbəb olub.  Buna görə də indi Belarusdan gətirilən toyuqların ucuz olması onların ətlik məqsədli yetişdirilən quş olmadığından xəbər verir. Belarusdan gətirilən bu toyuqlar ya yumurtadan kəsilmiş ana toyuqlardır, ya da hansısa xəstəlik səbəbilə kəsilib. Ana toyuqların adətən sümüyü ağır olur, hər kiloqramını 400-450 qramı sümük təşkil edir.

Digər bir məsələ Belarusdan gətirilən və broyler fabrikində istehsal olunan toyuqların üzərində “Kənd toyuğu” yazılmasıdır. Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?

Nəhayət, bir məsələni də qeyd etməyə ehtiyac duyuruq. Bu toyuqların üzərində “Halal” sözü yazılır. Belarusda, yaxud Rusiyada, Ukraynada halal toyuq əti necə istehsal oluna bilər? Bu halallığı kim təyin edib? Həm də belə toyuqlara çəkini artırmaq üçün çoxlu su vurulduğunu adi gözlə də görmək olur.

Bütün bunları nəzərə alaraq, ölkə vətəndaşlarını diqqətli olmağa, daxili bazardakı orta qiymətdən kəskin ucuz təklif olunan məhsullardan istifadə etməməyə çağırırıq. Bu, sizin sağlamlığınız üçün çox vacibdir.