Məlumdur ki, iyunun 28, 29-u ölkəmizdə Qurban bayramı qeyd olunacaq.

Müşahidələrə görə, hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən bahalaşma olur. Alıcılar bu qiymət artımının süni olduğunu və satıcıların sui-istifadə halları kimi dəyərləndirirlər. Bir neçə il əvvəl 1 kiloqramı 10-11 manat olan mal əti bu gün 15 manata, sümüksüz mal əti 16-18 manata, quzu ətinin kilosu isə 19-20 manata satılır. Şübhəsiz ki, ətin qiymətindəki artımlar əhalinin ətdən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarı üçün heç də uğurlu hal sayılmır.

 


Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Qurban bayramı ərəfəsində baş verən qiymət artımı heç də sui-istifadə halları deyil:

"Ötən illə müqayisədə bu il ətin qiymətində 4-5 manatlıq artım var. Yəni bu il ətin qiymətində 20 faiz bahalaşma var. Hər il Qurban bayramında ətə olan tələbat artır və bu, normal bazar hadisədir. Süni qiymət artımını monopolistlər həyata keçirir. Əgər bazarda tələbat artarsa, yaxın günlərdə ətin qiyməti qalxa bilər. Bu vəziyyət 2-3 günlük olacaq".

 

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə öz növbəsində vurğulayıb ki, bəzi satıcılar məhz daha çox gəlir əldə etmək üçün Qurban bayramını gözləyirlər:

"Əslində hər il istehlak məhsullarının qiymətində artım baş verir. Bunun başlıca səbəbi odur ki, il keçdikcə milli və xarici valyutaların alıcılıq qabiliyyəti aşağı düşür. Belə ki, inflyasiya nəticəsində pul əvvəlki dəyərini itirir. Ona görə də hər il ətin qiymətində bahalaşma yaşanır. Bütün hallarda vətəndaşların narazılığının qarşısını almaq üçün alternativ variantlar hazırlanır. Hər il olduğu kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan strukturlar müəyyən yarmarkalar təşkil edəcək. Bu yarmarkalarda qiymətlər daha aşağı təklif olunur. Aztəminatlı ailələri nəzərə alsaq, Qurban bayramı ərəfəsində müvafiq qurumlar və xeyirxah insanlar daha çox aktiv olmalıdırlar".

 

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova görə, bu il Qurbanı bayramı ərəfəsində ətin qiyməti təxminən 2-3 manat artacaq:

"Qurban bayramı ərəfəsində tələb təklifi üstələyir. Ona görə də qiymətlər qalxır. Burada süni qiymət artımından söhbət gedə bilməz. Ətin qiyməti sərbəstdir, satıcılar əti istədiyi qiymətə sata bilərlər. Son 5 ayda quzu ətinin qiyməti 17 manatdan aşağı deyil. Təəssüf ki, ölkədə xüsusilə mal ətinin qiymətində qeyri-mütənasiblik var. Əslində mal ətinin cəmdəyi 18 yerə bölünməli və qiymətləri ayrı olmalıdır. Lakin satıcılar mal ətinin hər hissəsinin qiymətini eyni cür edirlər. Bu, istehlakçının aldadılmasıdır. Ümumilikdə hər il ölkədə heyvandarlıq azalır. Bunun səbəblərinə yemin baha olması, otlaqların əkin sahələrinə çevrilməsi, su çatışmazlığı, fermer təsərrüfatlarının böyük əllərdə cəmləşməsi, Rusiya və Ukraynadan iribuynuzlu heyvanların gətirilməməsi, əhalinin heyvandarlıqdan uzaqlaşması kimi hallar daxildir. Ümid edirəm ki, Kəlbəcərdə heyvandarlıq komplekslərinin yaradılması ətin qiymətinə təsir edəcək".

Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı 8,67 milyon idi. Əhali sayı 2016-ci illə müqayisədə 500 mindən çox artıb. Nəticədə 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə, ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon nəfər artıb, heyvanların sayı isə bir milyon baş azalıb. Bir ton ətin orta idxal qiyməti 2022-ci ilin 5 ayında 1741 dollar ikən, 2023-cü ilin 5 ayında 1842 dollar olub. Ətin orta idxal qiyməti son bir ildə 101 dollar, başqa sözlə 5,8% yüksəlib.

Bundan başqa, 2023-cü ilin yanvar-may aylarında Azərbaycandan 33 milyon 160 min dollar dəyərində 17 min 994 ton ət idxal olunub.  Bu ilin yanvar-mart aylarında Ukraynadan Azərbaycana dəyəri 2 milyon dollardan çox 519,4 ton dondurulmuş mal əti ixrac edilib. Ukrayna Dövlət Gömrük Xidmətinin hesabatına görə,  cari ilin ilk 3 ayında Ukrayna 20,6 milyon dollar dəyərində 5,3 min ton dondurulmuş mal əti ixrac edib. Rüb ərzində Ukraynanın bu kateqoriyadan olan məhsulunun əsas alıcılarından biri Azərbaycan (9,8 faiz) olub. 

Gülşən Şərif