Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) noyabr ayında xam neft hasilatı oktyabr ayı ilə müqayisədə gündəlik 57 min barel azalaraq 27 milyon 840 min barelə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Məlumata görə, noyabr ayında xam neft hasilatını ən çox artıran ölkələr Venesuela, Liviya və Küveytdir. Neft hasilatının ən çox azaldığı ölkələr isə İraq, Anqola və Nigeriya olub.

Noyabrda OPEC-in xam neft hasilatının qlobal hasilatdakı payı 27,4% olaraq qeydə alınıb. OPEC-ə daxil olmayan ölkələrin hasilatı eyni dövrdə gündəlik 400 min barel artaraq 73 milyon 900 min barelə çatıb.

Hesabat dövründə qlobal neft hasilatı gündəlik 400 min barel artaraq təxminən 101,7 milyon barel olub.

Ötən ay dünyada neft qazma quyularının sayı isə 17 ədəd artaraq 1865-ə çatıb.

 

Gözəl Həşimova