Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alanlar Bakıda “Bona Dea” Hospitalına yerləşdiriliblər.

İqtisadiyyat.az xəbər verir ki, Hospitalın baş həkimi Cabir Gülmalıyev deyib ki, günorta saatlarında 6 nəfər avtoqəza keçirmiş PFL komandasının xəsarət almış üzvləri xəstəxanaya aparılıblar:

“Onlardan Elxan Səmədov və Aslan Şahgəldiyevin vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyat olunacaqlar. Digər xəstələrə ilkin tibbi müdaxilə olunub və vəziyyətləri stabildir. Stasionara yatırılıblar”.

Qeyd edək ki, mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Zaur Hacıməhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev media və marketinq direktoru, Rasim Qafarlı isə sürücüdür.

***

12.47

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının son durumu açıqlanıb.

İqtisadiyyat.az-a TƏBİB-dən verilən məlumata görə, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin  vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

***

12.36

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir.

Bu barədə İqtisadiyyat.az-a qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O həmçinin daha beş nəfərin qəzada yaralandığını söyləyib.

S.Abdullayev bildirib ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xasarətləri alıblar.

***

11.49

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.