"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

İqtisadiyyat.az xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb. Bununla da A.Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub. 

Qeyd edək ki, Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. ECA-ın İcraiyyə Şurasında 24 nəfər təmsil olunur. Bugünkü seçkiyə qədər quruma və Şuraya PSJ-nin prezidenti, məşhur ərəb iş adamı Naser Əl-Xəlaifi rəhbərlik edir. Həmçinin Şura üzvlüyündə "Ayaks", "Atletiko", "Arsenal", "Tottenhem", "Borussiya" (Dortmund), "Bayer", "Roma", "Milan", "Fənərbaxça" kimi klubların rəhbər şəxsləri də təmsil olunub.