Rusiya prezidenti Vladimir Putin nüvə silahının kosmosa yerləşdirilməsinin əleyhinə olduqlarını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Putin bunu paytaxt Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Rus ordusunun Donetsk vilayətinin Avdiyivka şəhərini uğurla nəzarətə götürdüyünü bildirən Putin qeyd edib: "Bu uğurun daha da inkişaf etdirilməsi lazımdır. Lakin bu addımlar yaxşı hazırlanmalı və ordu şəxsi heyət, silah, texnika və sursatla təmin edilməlidir".

Putin Krınki adlanan qəsəbənin də Rusiya ordusu tərəfindən nəzarətə alındığını bildirib.

Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiklərini vurğulayan Putin əlavə edib: "Biz hər zaman danışıqların tərəfdarı idik. Mən artıq yüzlərlə dəfə demişəm ki, biz dialoqu dayandırmırıq. London və Vaşinqtonun birbaşa göstərişi ilə dialoqu kəsən Ukrayna tərəfi olub".

ABŞ mətbuatında yer alan "Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığı" iddiaları ilə bağlı Putin bunları deyib: "Bizim mövqeyimiz açıq və şəffafdır. Biz həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin əleyhinə olmuşuq və indi də qəti şəkildə əleyhinəyik. Biz dəfələrlə təkcə bu sahədə mövcud olan bütün razılaşmalara əməl etməyi deyil, həm də birgə işi gücləndirməyi təklif etmişik".