Rusiya prezidenti Vladimir Putin Suriyadan olan həmkarları Bəşər Əsəd, iranlı həmkarı İbrahim Rəisi, fələstinli həmkarı Mahmud Abbas və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışıqlarında Fələstin-İsrail münaqişəsini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Bütün söhbətlər zamanı əsas diqqət kəskin şəkildə artan Fələstin-İsrail münaqişəsinə yönəldilib. Mülki itkilərin sayının fəlakətli şəkildə artması və Qəzzada dərinləşən humanitar böhranla müşayiət olunan hərbi əməliyyatların genişmiqyaslı eskalasiyasından hədsiz narahatlıq ifadə olunub", - məlumatda deyilir. 

Putin və Yaxın Şərq liderləri regiondakı böhranın səbəbi kimi nizamlanma prosesindəki durğunluğu göstəriblər.

Putin həmkarları ilə telefon danışıqlarında Qəzzada humanitar vəziyyəti də müzakirə edib. "Rusiya Prezidenti həmkarlarının mülahizələrini və qiymətləndirmələrini dinləyib, onlar Qəzzada humanitar vəziyyətin ağırlığını və təcili olaraq dərman, ərzaq və digər həyati əhəmiyyətli malların tədarükü üçün sektorun blokadasının götürülməsinin vacibliyini vurğulayıblar", - deyə məlumatda bildirilir.

Kreml əlavə edib ki, söhbətlərdə münaqişənin regional müharibəyə çevrilməsi ehtimalı ilə bağlı ciddi narahatlıq qeyd olunub. Putin Yaxın Şərq liderləri ilə söhbətlərində humanitar yardım da təklif edib. 

"Vladimir Putin öz növbəsində mülki şəxslərə qarşı zorakılığın istənilən formasının qəbuledilməzliyini vurğuladı", - mesajlarda deyilir.