Azərbaycan Mərkəzi Banknın (AMB) tədavülə buraxdığı kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, muzeyə təqdim edilmiş kolleksiyada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcək.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.

Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Muzey yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyini bildirib.