Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Marat Bəşirov dünən "Vaqner"in rəhbər heyətini daşıyan özəl təyyarənin yerə çırpılması hadisəsinə şərh verib. Onun fikrincə, bu, Rusiya hakimiyyətinin "Vaqner"in üsyanına cavabıdır.

bashirov.jpg

İqtisadiyyat.az sözügedən şərhi təqdim edir:

"Priqojin, Utkin və digər səkkiz nəfərin yer aldığı aviaqəza. Bax bu, hadisələrin düyün nöqtəsinin açılımıdır. Təyyarənin idarəetmə sisteminin bir anda sıradan çıxmasına görə heç bir mühakimə olmayacaq. Əvvəl də demişdim, indi də eyni cür düşünürəm. 23-24 iyun üsyanında Rusiya Silahlı Qüvvələrinin hərbçiləri həlak oldu. Ölkənin imicinə böyük zərbə vurulmuşdu. Bəs bu o deməkdirmi ki, hadisələr bu cür bitməli idi? Onlar üçün və ölkə üçün bəli, bu ən yaxşı variantdır. Rusiyanın qəhrəmanları vətənə xəyanətə görə həbsxanada yatmamalı idilər. 

İndi geridə qalan hər kəs həyatındakı hazırkı mərhələnin qiymətini dərk etməlidir. Təmizlik başlayıb”. 

Qeyd edək ki, dünən Moskva-Sankt Peterburq reysi ilə hərəkət edən və "Vaqner" özəl hərbi şirkətinin komandanlığını daşıyan özəl təyyarə radarlardan itərək yerə çırpılıb. Qərb mediası təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edir. Rusiya mediası isə təyyarənin göyərtəsində bir terror aktının ola biləcəyindən yazır. Hadisə nəticəsində "Vaqner"in rəhbəri Yevgeni Priqojin, onun müavini Dmitriy Utkin və digər 8 nəfər həyatını itirib.