“Xarici ölkə ödəniş təchizatçıları ölkədə filial açmadan banklarla müqavilə bağlayaraq öz fəaliyyətlərini təmin edə biləcəklər”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Azərbaycan-Türkiyə Fintex Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib. 

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin fintex şirkətləri ilə daha sıx əməkdaşlıq edəcək:

“Cari ilin avqust ayında cənab prezident tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun imzalandı. Qanun layihəsinin noyabr ayında qüvvəyə minməsi gözlənilir. Növbəti 6 ay ərzində isə ölkədə fəaliyyət göstərən ödəniş təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya alması üçün müddət veriləcək. Ümumilikdə sözügedən qanunun qəbulu ölkədə yeni bir sistemin formalaşmasına imkan yaradacaq. Belə ki, yeni dəyişiklik ödəniş xidmətlərinin səmərəliliyinin artırılması, ödəniş xidmətləri üzrə inküzivliyinin genişləndirilməsi, istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaradacaq. Qanunun ən böyük üstünlüyü ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraitinin yaradılması ilə sıx əməkdaşlığa və sağlam rəqabətə təkan verməsidir”. 

 

Gülşən Şərif