Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. 

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır. Bu istiqamətdə də bir sıra addımlar atılıb. Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir.

Nazir quraşdırılan iqlim stansiyalarının əhəmiyyəti barədə də açıqlama verərək "İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur.

İnam Kərimov icra edilən pilot layihələrə toxunaraq "Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir,"-deyə əlavə edib.