"Deyəsən baş verənlər bu axşam daha aydın mənzərə ilə qarşımıza çıxır".

İqtisadiyyat.az xəbər verir ki, sosial media platformalarında  aktiv paylaşımları ilə tanınan Azərbaycanın "Caliber" kanalında Rusiyadan Xankəndidə yaşayan ermənilər üçün göndərilən humanitar yükün aqibəti ilə bağlı yeni məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Rusiyanın göndərdiyi yük hələ də Bərdədən Ağdama çatdırılmayıb: "Rusiya Qızıl Xaç Cəmiyyəti qeyri-rəsmi kanallarla beynəlxalq tərəfdaşların təzyiqindən şikayətlənir. Eyni zamanda Qarabağdakı kiçik "müxalif" dəstəsinin "üsyan"ı müşahidə olunur.

Bütün bunların fonunda Qərb isterik şəkildə Ağdam və Laçın marşrutlarının “eyni vaxtda” açılmasında israr edir (ABŞ dövlət katibi Entoni Blinken bu barədə bəyanat verib), Rusiya tərəfi isə “səmimi" şəkildə deyir ki, “biz nə edə bilərik? Qarabağ erməniləri yükü buraxmır”.

Bütün bunlar onu deməyə əsas verir ki, biz Moskva ilə Qərb arasında onların ümumi maraqları lehinə, Azərbaycanın maraqları bahasına baş tutan bir “giveaway” oyununun şahidi oluruq! Bizim tərəfdaşlarımız əksini bəyan etsələr də, belə görünür ki, Ağdam marşrutunun işləməsi presedenti onları son dərəcə narahat edir. Bu, nə Moskvanın xoşuna gəlir, nə də Qərbin. Hər birinin öz səbəbləri var və görünür, bu məsələdə tərəflərin maraqları toqquşur.

Onların təxminən belə bir əsassız gözləntiləri vardı ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yükünün Ağdamdan keçməsi ilə eyni vaxtda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) üçün də Laçın yolu açılacaq. Amma Azərbaycan üçün düşünülən bu hiylə baş tutmadı. Çünki belə razılaşma heç vaxt olmayıb. Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım yükü yalnız Ağdamdan, BQXK-nın yükləri isə Ağdam və Laçından eyni vaxtda keçir. Bu proseslər bir-birindən ayrıdır. Yəni biri digərindən asılı deyil.

Rəsmi Bakının dünənki bəyanatı Moskva və Vaşinqtonun kartlarını qarışdırdı və pis "dost"ların oynamaq istədikləri oyun dalana dirəndi. Rəsmi Bakı dünən bir daha bəyan etdi ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yüklərinin Ağdamdan keçməsi ayrıca əməliyyatdır. Bunun BQXK üçün eyni vaxtda iki marşrutun açılması ilə heç bir əlaqəsi yoxdur. 

Artıq bu gün Rusiyanın “Kommersant” nəşrində erməni əsilli rus jurnalist rəsmi Bakını öhdəliklərdən imtina edən tərəf kimi göstərməyə çalışıb. Lakin diplomatik prosesdən xəbəri olan bütün beynəlxalq oyunçular real vəziyyətdən xəbərdardırlar.

Rəsmi Bakı BQXK-nın avtomobillərinin Ağdam və Laçın marşrutu ilə eyni vaxtda keçməsinə razılıq verib. Bakı eyni zamanda istənilən vaxt BQXK-nın maşınlarını buraxmağa hazır olduğunu bəyan edib, amma hər zaman da bundan imtina edən Qarabağ separatçıları olub. Bu prosesdə bütün maraqlı tərəflər bunu çox gözəl bilir.

Əziz Moskva və Qərb tərəfdaşları, əgər siz “eyni zamanda” açılış istəyirsinizsə, Qarabağda keçirilən qanunsuz “seçki"ləri pisləyib, qanunsuz rejimin ləğvini tələb edin. Həmçinin yüklərin Ağdamdan keçirilməsini təmin edin. İnanın ki, bu, bazar günü hər hansı bəyanatdan daha təsirli olacaq".