Bu gün beş etirazçı Misirin Kopenhagendəki səfirliyi qarşısında Quran nüsxəsini yandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu, radikal sağçı “Danimarka Patriotları” qrupunun üçüncü aksiyasıdır. Bundan əvvəlki nümayişlər iyulun 21-də və 24-də keçirilib.

Danimarka Xarici İşlər Nazirliyi (XİN) daha əvvəl bu hərəkəti pislədiyini bildirib. “Müqəddəs mətnlərin və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizliyə yol verilən biabırçı hərəkətdir. Danimarkada din azadlığı və çox sayda müsəlman vətəndaşlarımız var. İfadə və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmaq lazımdır. Danimarka etiraz etmək hüququnu dəstəkləyir, lakin bunun dinc şəkildə olması lazım olduğunu vurğulayır".

Bir çox İslam ölkələrinin səlahiyyətliləri Danimarka və qonşu İsveçdə Quranın yandırılmasını pisləyib.

Qeyd edək ki, ilk dəfə Quranın yandırılması iyunun 28-də Stokholmun Medborqarplatsen meydanında polisin icazəsi ilə keçirilən nümayiş zamanı baş verib. İraqlı 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini cıraraq yandırıb. Həmin gün bütün dünya müsəlmanları İslamın əsas dini bayramlarından biri olan Qurban bayramını qeyd edirdilər.