Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyası üçün İtaliyanın "Ansaldo Energia" şirkətinin istehsal etdiyi 2 ədəd qaz turbini və 2 ədəd generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb.

Bu barədə İqtisadiyyat.az-a "Azərenerji" ASC-dən bildirilib.

Məlumata görə, bu ilin fevral ayında Prezident İlham Əliyev və İtalyanın “Made in Italy” naziri Adolf Ursonun iştirakı ilə təməli qoyulan, müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər sürətlə davam etdirilir. Hər birinin çəkisi 300-400 ton olan turbin və generatorlar yolboyu körpülərin altından xüsusi tədbir görülərək keçirilib. Beləliklə, 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.

Bu arada isə "Ansaldo Energia" şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəliblər. Onlar rekonstruksiya olunan bloklara, tikinti ərazisinə baxış keçirilib, işin gedişatı ilə tanış olunub. Daha sonra İtaliya Azərbaycan dostluğu, işin gedişatı, tikinti, quraşdırma işləri ilə bağlı iclas keçirilib. İclasda İtaliya şirkəti ilə “AzərEnerji” arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb.