Bu gün Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə “JW Marriot Absheron” hotelində baş tutan konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid açılış nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan mediasının keçdiyi inkişaf yolundan bəhs edib və sonda bildirib ki, jurnalistikanın nüfuzuna xələl gətirən ünsürlərə qarşı birlik nümayiş etdirmək vacibdir.

 

 

Daha sonra Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxış edərək "Media haqqında" qanunun Azərbaycan mətbuatının inkişafına effektiv təsirlərindən danışıb. Onun sözlərinə görə, media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır və bu fonda sözügedən proses davamlı xarakter daşıyacaq. 

 

 

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov da media sahəsindəki dəyişikliklərə toxunub. O vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra media sahəsində müsbət dəyişikliklər yaşanıb. 

Audiovizual Şuranın sədri İsmət Səttarov isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə bir sıra uğurlar əldə olunub. Bu fonda media nümayəndələri qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük məsuliyyət daşıyırlar. 

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova öz çıxışı zamanı media subyektləri və jurnalistlər üçün media savadlılığı mövzusunda davamlı olaraq təlimlərin təşkil olunduğunu vurğulayıb. 

Panel müzakirələrin davam etdiyi konfransda media nümayəndələri iştirak ediblər. 

Gülşən Şərif