Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən iyulun 8-də Daşkəndə səfərə yola düşüb.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, Özbəkistana səfərin başlıca məqsədi sədr M. Pənahovun özbəkistanlı həmkarı ilə görüşünün keçirilməsi və bu ölkədə 2023-cü il iyulun 9-da növbədənkənar prezident seçkisini beynəlxalq müşahidəçi qismində izləməkdir.

Səfər çərçivəsində Azərbaycan MSK sədrinin Özbəkistanda seçkinin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Azərbaycan MSK-nın nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) seçki müşahidə missiyalarında da təmsil olunurlar.