"Macarıstan digər Avropa ölkələrinə, o cümlədən qitənin şərqindəki ölkələrə Rusiyadan təhlükə görmür və hesab edir ki, onların təhlükəsizliyi NATO-da iştirakla təmin edilir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici əlaqələr naziri Peter Szijarto FransaLCI telekanalına müsahibəsində deyib.

"Ukrayna münaqişəsi fonunda Rusiyanın digər Avropa ölkələrinə hücum edəcəyindən qorxursunuzmu?" sualına Szijarto belə cavab verib: "Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti, o cümlədən Avropanın şərq cinahında yerləşən ölkələr NATO üzvüdür. Mən Rusiyanın heç bir NATO üzvünə hücum edəcəyini düşünmürəm, çünki NATO dünyanın ən güclü müdafiə ittifaqıdır".

Nazir xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, NATO üzvlərindən birinə edilən istənilən hücum bütün alyansa hücum hesab edilir.

"Düşünürəm ki, təkcə Rusiya deyil, başqa heç kim NATO-nun üzvü olan dövlətə hücum etməyəcək", - deyə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.